​Azərbaycan dünya poçt sistemində yeniliklərin tətbiqi ilə bağlı təkliflər irəli sürüb

​Azərbaycan dünya poçt sistemində yeniliklərin tətbiqi ilə bağlı təkliflər irəli sürüb Poçt bazarındakı mürəkkəb vəziyyət nəzərə alınaraq "Azərpoçt"un inkişafı üçün əlavə imkanların yaradılmasına dəstək verilməsi tələb olunur
İKT
28 Aprel , 2015 15:21
​Azərbaycan dünya poçt sistemində yeniliklərin tətbiqi ilə bağlı təkliflər irəli sürüb

Bakı. 28 aprel. REPORT.AZ/ Cenevrədə (İsveçrə) Ümumdünya Poçt İttifaqının (IPU) Strateji Konfransı keçirilib. Konfransda 136 ölkənin poçt administrasiyasından 800-dən çox iştirakçı ilə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin elektron ticarət nəhəngi olan “eBay” şirkətinin əməkdaşları iştirak ediblər. Bu beynəlxalq tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin infrastrukturun inkişafı şöbəsi poçt sektorunun müdiri Novruz Məmmədov təmsil edib.

Konfrans bir neçə sessiya və panellər üzrə baş tutub. Sessiyalardakı müzakirələrdə bildirilib ki, poçt fəaliyyəti dünya iqtisadiyyatının bir hissəsidir və dəyişən dünyada cəmiyyətin tələblərinə uyğun poçt xidməti də transformasiya olunmalıdır.

Qeyd olunub ki, ÜPİ-nin üzvü olan hər bir ölkənin Təyin Olunmuş Poçt Operatoru (TOPO) daxili bazarı öyrənməli və müştərilərin istək və problemlərini nəzərə almaqla buna uyğun operativ tədbirləri görməlidir.

Konfransda sürətlə dəyişən iqtisadi ortamdan geri qalmamaq tövsiyə olunub ki, iqtisadiyyatda olan hazırkı natarazlıq hər bir şəxsə, işgüzar mərkəzlərə və maliyyə infrastrukturlarına, o cümlədən poçt sahəsinə də ciddi təsir göstərməkdədir. Bunu da əsasən poçt sahəsində ənənəvi poçt xidmətlərinin (əsasən məktubların) azalması yolu ilə baş verdiyi qeyd edilərək, son illər ərzində dünyada xüsusilə də inkişaf etmiş ölkələrdə məktub korrespondensiyasının həcminin kəskin şəkildə azalmaqda olduğu vurğulanıb. Amma bağlamaların həcmi, xüsusilə də içərisində e-ticarət yolu ilə sifariş edilən mallar olan bağlamalar gündən-günə artmaqdadır.

Hazırda ümumilikdə göndərilən bağlamaların 3/2 hissəsini elektron ticarət göndərişlər təşkil edir ki, bunların da əksər hissəsi özəl poçt operatorları, müəyyən qismi isə EMS xidməti vasitəsilə çatdırılır. Hazırda dünyada milyardlarla insan poçt vasitəsilə əsas pulköçürmələrini həyata keçirir və 1,5 mlrd. ədəddən çox poçt əmanət və ya depozit hesabları açılıb. İştirakçılar bu sahədə olan mövcud problemləri, maliyyə xidmətlərinin göstərilməsində poçt xidmətlərinin potensial imkanlarından maksimum istifadənin mümkünlüyü və hökumətin dəstəyi ilə maliyyə xidmətlərinə çıxışın yaxşılaşdırılmasında poçtun rolu barədə təkliflər veriblər.

Azərbaycan tərəfi də poçt sahəsinin gələcək inkişafı üçün bir sıra təkliflər irəli sürüb. Təkliflərə ölkəyə daxil olan bağlamaların EMS (Express Mail Service) vasitəsilə daşınması və çatdırılması məqsədilə EMS-in e-kommersiya platformalarında tanıdılması və ölkə daxilində təşviqi üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsini, poçt bazarındakı mürəkkəb vəziyyət nəzərə alınaraq “Azərpoçt” MMC-nin inkişafı üçün əlavə imkanların yaradılmasına dəstək verilməsi, innovasiyayönümlü məhsul və xidmətlərin poçt sahəsində tətbiqi məqsədilə MMC-də müvafiq işçi qrupu yaradılması, e-xidmətlərin verilməsində yaxından iştirak etmək məqsədilə bir sıra “ASAN Xidmət”lərinin kənd yerlərində poçt şöbələri vasitəsilə həyata keçirilməsinin mümkünlüyünə baxılması, elektron ticarətin kommersiya sektoru kimi poçtun inkişafında müstəsna rolu və ÜPİ tərəfindən strateji istiqamət hesab olunduğu nəzərə alınaraq, bu sahəyə ölkədə diqqətin artırılması, İKT-nin İnkişafı Fondunun dəstəyi ilə regional e-kommersiya platformasının yaradılması və ondan faydalanmaq imkanlarının araşdırılması və sair bu kimi məsələlər daxildir.

Son xəbərlər

Orphus sistemi