AMEA ​İnformasiya Texnologiyaları İnstitutu antiplagiatlıqla bağlı seminar keçirəcək

AMEA ​İnformasiya Texnologiyaları İnstitutu antiplagiatlıqla bağlı seminar keçirəcək Akademik Rasim Əliquliyev “Turnitin” şirkətinin nümayəndəsi Katya Levçenko ilə görüşüb
İKT
14 Aprel , 2016 19:48
AMEA ​İnformasiya Texnologiyaları İnstitutu antiplagiatlıqla bağlı seminar keçirəcək

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev antiplagiatlıq sahəsində tanınan “Turnitin” şirkətinin nümayəndəsi Katya Levçenko ilə görüşüb.

“Report”un İsntituta istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanda intellektual mülkiyyətin qorunması, o cümlədən plagiatlıqa mübarizə sahəsində görülən işlər, institutda aparılan elmi tədqiqatlar və əldə olunan nəticələr haqqında müzakirə aparılıb. Akademik R.Əliquliyev biliklər cəmiyyəti quruculuğu şəraitində qarşıda duran məsələlərə ilkin olaraq elmi müstəvidə baxılmasının əhəmiyyətini qeyd edib: “Plagiatlıqla mübarizədə ən maraqlı qurumlardan biri ölkədə elmi fəaliyyəti koordinasiya edən AMEA-dır. AMEA alimlərin, elmi tədqiqat institutlarının və ümumilikdə ölkənin intellektual mülkiyyətinin qorunmasında elmi dəstək göstərir və müntəzəm maarifləndirmə işi aparır. İnstitut plagiatlıqla mübarizəyə kompleks yanaşmanın zəruriyyətini nəzərə alıb. İnformasiya texnologiyalarının tətbiqi ilə plagiatlıq daha da dərinləşdiyi üçün onunla mübarizə metodları da müvafiq səviyyədə olmalıdır. İnternet üzərindən əksər elmi ədəbiyyatın əlçatan olması, qlobal elmi bazaların və kitabxanaların təqdim etdiyi xidmətlər elmi yaradıcılığa təkan verməklə yanaşı plagiatlıq üçün də münbit zəmin yaradır”.

İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev çıxışında bildirib ki, plagiatlıqa mübarizə üsullarının araşdırılması üçün elmi nəşrlərin sayının sürətli artımı, dil və kontekst müxtəlifliyi, maşın tərcüməsinin məhdudiyyətləri, elmi bazalara çıxışın maliyyə yükü kimi faktorlar nəzərə alınmalıdır: “Buna görə də institutda maşın təlimi, verilənlərin intellektual analizi, maşın tərcüməsi, statistika, sosial şəbəkə analizi, elmmetriya, bibliometriya kimi elmi istiqamətlərin kəsişməsində tədqiqatlar aparılır. Yeni nəşr olunan “Plagiatlıqa mübarizə texnologiyaları” adlı kitab institutda əldə olunan elmi nəticələri əhatə edir”.

Katya Levçenko institutun qeyd olunan sahlərdə elmi fəaliyyətini yüksək qiymətləndirib və təmsil etdiyi qurumun plagiatlıqa mübarizədə elmi dəstəyə əhəmiyyət verdiyini vurğulayıb: “Şirkətimizin plagiatlıqla mübarizə üçün nəzərdə tutulan proqram məhsullarının hazırlanmasında tətbiq edilən əsas prinsipləri və kompleks yanaşma üsulları var. Bu aspektdən institutun əldə etdiyi elmi yeniliklərin praktiki əhəmiyyəti olmaqla yanaşı, ikitərəfli əməkdaşlıq imkanları da genişdir. Baş ofisi Amerikada, beynəlxalq ofisi isə İngiltərədə yerləşən şirkətin əsas məhsulları “Turnitin” və “iThenticate” proqramlarıdır. “iThenticate” plagiatlığın aşkarlanması və qarşısının alınması sahəsində dünyada elmi qurumlar və nəşriyyatlar tərəfindən istifadə edilən ən qabaqcıl proqram təminatı hesab olunur. Bu proqramla müəlliflər, tədqiqatçılar və redaktorlar çapa təklif olunan elmi əsəri 56 mlrd. veb-səhifəni və 142 mln. əsəri analiz edərək, müqayisə aparmaq imkanı əldə edir. “Turnitin” müəllim, şagird və tələbələrin yazılı ifadəni öyrənmə prosesini izləmə, əks əlaqə yaratma və inkişafını qiymətləndirmə kimi xidmətləri təqdim edir. “Turnitin” 140 ölkədən 15 min müəssisədə 26 milyondan çox tələbə tərəfindən istifadə edilir”.

Aparılan müzakirə nəticəsində qarşılıqlı əməkdaşlığın yol xəritəsinin hazırlanmasına və yaxın gələcəkdə institutda antiplagiatlıqla bağlı birgə elmi-praktiki seminarın keçirilməsinə qərar verilib.

Son xəbərlər

Orphus sistemi