Tbilisidə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil olunub - FOTO

Tbilisidə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil olunub - FOTO ​Vaxtanq Kapanadze: “Azərbaycanın güclü ordusu var”
Hərbi
23 İyun , 2016 21:59
Tbilisidə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil olunub - FOTO

Tbilisi. 23 iyun. REPORT. AZ/ İyunun 23-də Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil olunub. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin Hərbi Attaşe aparatı tərəfindən təşkil olunan tədbirdə səfir Azər Hüseyn, Türkiyənin səfiri Zəki Ləvənd Gümrükçü, Gürcüstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Vaxtanq Kapanadze, Tbilisidəki diplomatik korpusun hərbi attaşeləri, Azərbaycanın bu ölkədəki şirkətlərinin əməkdaşları, yerli azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Sonra hərbi attaşe aparatının rəhbəri, polkovnik Xəzər Abbasov çıxış edərək, Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlər barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanması və qüdrətlənməsi ilə bağlı tarixi xidmətlərindən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətinin yüksək nəticələrini diqqətə çatdırıb. O, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı Azərbaycan dövlətinin birmənalı və qətiyyətli mövqeyi barədə iştirakçılara məlumat verib.

Hərbi attaşe deyib ki, hər bir dövlət üçün, xüsusilə müharibə şəraitində olan ölkələr üçün ordu quruculuğu xüsusi əhəmiyyət kəsb edir. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycan güclü və yüksək nizam-intizama malik ordu ilə yanaşı, hərbi sənayenin də inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Silahlı Qüvvələri dövlətimizi, vətəndaşlarımızın asayişini qoruyur, müstəqil xarici siyasət yürütməyimizi təmin edir.

Gürcüstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Vaxtanq Kapanadze jurnalistlərə müsahibəsində deyib: “Qardaş və dost Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması ilə əlaqədar mərasimdə iştirak etməkdən şərəf duyuram. Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işləri diqqətlə izləyirik. Azərbaycanın güclü ordusu var. Qardaş ölkənin əldə etdiyi bütün uğurlara sevinirik. Güclü ordu dövlətin və xalqın dayağıdır, sülhün təminatçısıdır. Azərbaycan xalqını və dostlarımı təbrik edirəm”.

Tədbir boyunca böyük ekranda təbliğat xarakterli videoçarx nümayiş etdirilib, hərbi marşlarımız səsləndirilib. Sonda hərbi attaşelər xatirə şəkli çəkdiriblər.

Mərasim ziyafətlə başa çatıb.

Son xəbərlər

Orphus sistemi