Mötəbər mənbə adı altında xəbər yayan KİV-lər cəbhəboyu zonaya buraxılmayacaqlar

Mötəbər mənbə adı altında xəbər yayan KİV-lər cəbhəboyu zonaya buraxılmayacaqlar Azərbaycanda jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydası təsdiq edilib
Hərbi
19 Avqust , 2015 10:05
Mötəbər mənbə adı altında xəbər yayan KİV-lər cəbhəboyu zonaya buraxılmayacaqlar

Bakı. 19 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nı təsdiq edib.

"Report"un xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qayda jurnalistlərin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir.

Qaydaya əsasən, nümayəndələrinin akkreditə olunması üçün yerli KİV təsisçi haqqında məlumatı, akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını, iki ədəd fotoşəklini, şəxsiyyət və xidmət vəsiqələrinin sürətini, KİV orqanının ünvanını, əlaqə telefonlarını, internet saytını, elektron poçt ünvanını Müdafiə Nazirliyinə təqdim etməlidir.

Azərbaycanda daimi nümayəndəliyi olan xarici KİV isə Müdafiə Nazirliyinə daimi nümayəndəliyin rəsmi müraciətini, Xarici İşlər Nazirliyinin verdiyi akkreditə kartlarını, akkreditə olunacaq əməkdaşların pasportlarının və xidməti vəsiqələrinin surətini, iki ədəd fotoşəklini, akkreditə üçün doldurulmuş anket formasını təqdim etməlidir.

Yeni sənədlə akkreditədən imtina və onun ləğv olunması qaydaları da müəyyənləşib. KİV dövlət bütövlüyünə, ölkənin təhlükəsizliyinə, ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, milli, dini, irqi, sosial ədalətsizliyi təbliğ etdikdə, mötəbər mənbə adı altında vətəndaşların şərəf və layəqətini, alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar yaydıqda və bu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildikdə, KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə son bir il məsuliyyətə cəlb olunduqda, "Dövlət sirri haqqında" qanunun tələblərini yerinə yetirilmədikdə, əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin baş redaktoru təyin edildikdə, mətbuat azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son bir il müddətində inzibati məsuliyyətə cəlb edildikdə, KİV-in xarici dövlət orqanı, fiziki və ya hüquqi şəxlər tərəfindən qanuna zidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə akkreditədən imtina edilir. 

Nümayəndənin akkreditə edilmiş KİV-lə əmək münasibətlərinə xitam verdikdə, KİV-in fəaliyyəti dayandırıldıqda akkreditə ləğv edilir.

Akkreditə edən təşkilat akkreditəni ləğv etmədən akkreditə edilmiş nümayəndənin digər şəxslə əvəz olunmasını tələb edə bilər. KİV rəhbərinə yazılı məktub göndərilməklə akkreditə ləğv olunur. Müəyyənləşdirilmiş sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə çatışmazlıqlar olduqda onların aradan qaldırılması üçün Müdafiə Nazirliyi tərəfindən 7 gün müddət təyin edilir. Təyin olunmuş müddət ərzində müvafiq sənədlər təqdim edilmədikdə və ya çatışmazlıqlar aradan qaldırılmadıqda akkreditədən imtina edilir.

Akkreditə edilmiş KİV nümayəndələrinin cəbhəboyu zonaya ezam edilməsi üçün müvafiq KİV rəhbəri Müdafiə Nazirliyinə hər ezamiyyət üçün ayrıca yazılı müraciət edir. Müraciətlərə 5 gün müddətində baxılır. Nazirlik jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər.

Müdafiə Nazirliyi tərəfindən KİV nümayəndəsinin ezam olunmasına icazə verilməsi barədə qərar qəbul edildikdən sonra KİV orqanı ilə səfərin tarixi, mövzusu, ezam olunacaq nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları və digər məlumatlar bir daha dəqiqləşdirilir.

KİV nümayəndələri hərbi hissənin səlahiyyətli şəxsinin müşayiəti ilə hərbi hissə komandiri (rəis) tərəfindən qəbul edilir. Komandir komanda üzrə aidiyyəti olan şəxsləri məlumatlandırıb onların jurnalistlərlə görüşünü təşkil edir və foto-video çəkilişlərinin aparılması üçün lazımi şəraitin yaradılması ilə əlaqədar tapşırıqlar verir.

Komandir çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılmasının yolverilməzliyini KİV nümayəndələrinin diqqətinə çatdırır.

Bu tələbləri tələbləri pozan KİV nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır, onların cəbhəboyu zonanı tərk etməsi təşkil olunur və akkreditəsi ləğv edilir.

Son xəbərlər

Orphus sistemi