Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi: "NATO-nun müxtəlif qərargahlarında 10 zabitimiz xidmət keçir"

Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi: "NATO-nun müxtəlif qərargahlarında 10 zabitimiz xidmət keçir" "Azərbaycanın 94 nəfərlik əsgər və zabit heyəti hələ də Əfqanıstanda sülhə, təhlükəsizliyə xidmət göstərir"
Hərbi
19 Mart , 2015 12:31
Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi: NATO-nun müxtəlif qərargahlarında 10 zabitimiz xidmət keçir

Bakı. 19 mart. REPORT.AZ/ “Hazırda NATO-nun müxtəlif qərargahlarında 10 zabitimiz xidmət keçir. 2002-2014-cü illər ərzində isə bu rəqəm 26 nəfər təşkil edib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bu gün Bakıda keçirilən “Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Azərbaycanın 94 nəfərlik əsgər və zabit heyətinin hələ də Əfqanıstanda sülhə, təhlükəsizliyə xidmət göstərdiyini deyən idarə rəisinin sözlərinə görə, onlardan 2-si həkim, 2-si isə mühəndisdir: “Həmin batalyonlar gələcəkdə sülhməramlı missiyanın özəyini təşkil edəcək”.

Nazirlik rəsmisi bildirib ki, NATO Əfqanıstanda öz rolunu dəyişib: “Təşkilat indi tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq və müdafiə potensialının artırılması istiqamətində təşəbbüşdən çıxış edir. Hazırda alyans üzvlərinin bilik və bacarıqlarının öyrənilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda, müdafiə sahəsində potensialın gücləndirilməsi də əsas istiqamətlərdəndir”.

O, həmçinin qeyd edib ki, Azərbaycan NATO-nun partnyor olduğu 27 ölkədən biridir: “Gürcüstan müdafiə potensialının gücləndirilməsi layihəsinə qoşulmaq üçün NATO-ya müraciət edib. Azərbaycanın isə öz paketi mövcuddur. Hazırda həmin layihəyə qoşulmaq üçün rəsmi müraciət etməmişik. Yaxın gələcəkdə bütün detalları müzakirə etməliyik. Çünki milli nöqteyi-nəzərdən qarşılıqlı fəaliyyət məsələsi ən böyük prioritetlərdən biridir”.

H.Mahmudov onu da əlavə edib ki, səmərəli müdafiə sisteminin qurulması və müdafiə sahəsində həyata keçirilməsi çox vacibdir.

Son xəbərlər

Orphus sistemi