Müdafiə naziri: "Ermənistan regionda sabitliyə əsas təhlükə yaradır"

Müdafiə naziri: "Ermənistan regionda sabitliyə əsas təhlükə yaradır" Zakir Həsənov Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə görüşüb
Hərbi
6 May , 2016 14:59
Müdafiə naziri: Ermənistan regionda sabitliyə əsas təhlükə yaradır

Bakı. 6 may. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Nazir ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, iqtisadi əməkdaşlığın yüksələn templə inkişaf etdiyini vurğulayıb. Bu əməkdaşlığımızın dostluq münasibətləri üzərində qurulduğunu deyən general-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Latviya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Ermənistan tərəfindən torpaqlarımızın işğalını isə qeyri-qanuni sayır və qəti şəkildə pisləyir.

Qoşunların təmas xəttində yaranmış son hadisələrə də toxunan müdafiə naziri Ermənistanın regionda sabitliyə əsas təhlükə yaratdığını, münaqişənin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Müdafiə naziri diplomatın Azərbaycandakı səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir də öz növbəsində ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu vurğulayan Y.Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi