Milli Qəhrəman "Topçu İsgəndər"in yubileyi qeyd olunub

Milli Qəhrəman "Topçu İsgəndər"in yubileyi qeyd olunub Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "İsgəndər qalası"nın müdafiəçiləri ilə görüş keçirilib
Hərbi
18 Avqust , 2016 13:50
Milli Qəhrəman Topçu İsgəndərin yubileyi qeyd olunub

Bakı. 18 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anadan olmasının 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları və əsgərlər əvvəlcə vaxtilə İsgəndər Aznaurovun komandir müavini olduğu hərbi hissənin qarşısında ucaldılan büstü önünə əklil qoyaraq, şəhidin xatirəsini hörmət və ehtiramla anıblar.
Təntənəli mərasimi açan Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycanın Milli Qəhrəmanı, şəhid İ.Aznaurovun həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə general-mayor Gəray Bağırov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətindən və Azərbaycan əsgərinin bu gün qarşıya qoyulan istənilən döyüş tapşırığını hər an yerinə yetirməyə hazır olmasından bəhs edib.
Mərasimdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək Gədəbəyin qəhrəman müdafiəçilərini xatırlayıb, onların şərəfli döyüş yollarından danışıb.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Milli Qəhrəmanın döyüş yoldaşları çıxış ediblər.
Sonra İsgəndər Aznaurovun ailə üzvlərinin tədbir iştirakçılarına ünvanladıqları məktub oxunub. Şəhidin ailə üzvləri Prezident, Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də gədəbəylilərə İsgəndər Aznaurovun əziz xatirəsini daim uca tutduqları üçün və onun 60 illik yubileyini təntənə ilə qeyd etdiklərinə görə hörmət və ehtiramlarını ifadə ediblər.
Bir qrup hərbi qulluqçu mükafatlandırılıb, əsgərlərə gədəbəylilər adından sovqat paylanılıb.

Sonra Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "İsgəndər qalası"nın müdafiəçiləri ilə görüş olub. Gədəbəy rayonunda dəniz səviyyəsindən 2300 metr yüksəklikdə, sərt relyef şəraitində təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə qəhrəmanın xatirə lövhəsi qarşısına gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Ordusunun gündən-günə daha da qüdrətləndiyini, dünyanın ən müasir, nizami orduları sırasına yüksəldiyini fəxrlə qeyd edilib.
Sonda Gəncə Qarnizonu Zabitlər Evinin hazırladığı "Türk oğlu - Azərbaycan Qəhrəmanı" sənədli filmi nümayiş olunub.

Xatırladaq ki, İsgəndər Aznaurov ahısqa türklərindəndir. Onun ata-babaları vaxtilə indiki Gürcüstan ərazisindən Orta Asiyaya sürgün olunub. İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində anadan olub. Lakin 1980-ci illərdə Fərqanə vadisində baş verən hadisələrdən sonra digər ahısqa türklərinin ailələri kimi İsgəndər Aznaurovun da ailəsi Azərbaycana pənah gətirərək, Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ilin baharında isə İsgəndər Aznaurov Azərbaycan Milli Ordusu sıralarına zabit kimi daxil olaraq qısa müddətdə "topçu İsgəndər" kimi tanınıb. Çox keçmədən İsgəndər Aznaurov Gədəbəy rayonunda Başkəndin erməni quldurlarından azad olunmasında, Mutu dərədə, Şınıxda, Ər dağı və Ləzgi daşında, eləcə də rayonun digər strateji əhəmiyyətli ərazilərində xeyli düşmən texnikasını və canlı qüvvəsini məhv edərək böyük qəhrəmanlıqlar göstərib. Hətta ermənilər bu şücaətlərinə görə onun başına yüksək məbləğdə vəsait də vəd ediblər.

İsgəndər Aznaurov 1993-cü ilin yazında qəhrəmanlıqla şəhid olub, iki il sonra - 1995-ci ilin yanvarında isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırda Şəmkirin Kür qəsəbəsində orta məktəb və qəsəbə onun adını daşıyır. Xidmət etdiyi hərbi hissədə xatirəsinə abidə ucaldılıb, Gədəbəyin Şınıx kəndində isə Mormor yüksəkliyi onun şərəfinə "İsgəndər qalası" adlandırılıb.

Son xəbərlər

Orphus sistemi