Hərbi Liseydə Bakı metrosunda baş vermiş faciədə şəhid olanların xatirəsi anılıb

Hərbi Liseydə Bakı metrosunda baş vermiş faciədə şəhid olanların xatirəsi anılıb Mərasim iştirakçıları klubun foyesində təşkil edilən “Qəhrəmanlar unudulmur” adlı sərgi ilə tanış olublar
Hərbi
29 Oktyabr , 2015 20:37
Hərbi Liseydə Bakı metrosunda baş vermiş faciədə şəhid olanların xatirəsi anılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 1995-cü ildə Bakı metrosunda baş vermiş faciədə liseyin şəhid olmuş zabiti, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Babayevin, eləcə də “İgidliyə görə” medalı ilə təltif edilmiş kursantlar Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərovun anma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə mərasim iştirakçıları klubun foyesində təşkil edilən “Qəhrəmanlar unudulmur” adlı sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Rəhim Səmədov açıb.

Ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycanın dövlət himni səsləndirildikdən sonra söz kursantlara verilib. Kursantlar şəhidlərin keçdiyi xidmət yolu və qəhrəmanlıqları haqqında danışıb, şerlər səsləndiriblər.

Milli Qəhrəman Çingiz Babayevə həsr olunan “Əfsanəvi qəhrəman” kitabının müəllifi Südabə Sərvi tədbir iştirakçılarına nəşr haqqında məlumat verib.

Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi V.Məmmədov Hərbi Liseyin və Bakı Metropoliteninin rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Hərbi Liseyin müəllimi Çingiz Quliyev Milli Qəhrəman Çingiz Babayevlə birgə işlədiyi dövrün xatirələrini bölüşüb.

Liseyin ədəbiyyat müəllimi Gülsəda Quluqızı Çingiz haqqında yazdığı şeri oxuyaraq onu Milli Qəhrəmanın atasına hədiyyə edib.

Sonra Milli Qəhrəman Çingiz Babayev barədə çəkilmiş sənədli filmin rejissoru Elnur Əliyev çıxış edib və ekran əsəri tədbir iştirakçılarına təqdim olunub.

Milli Qəhrəmanın atası Adil Babayev də tədbirin təşkilinə görə liseyin rəhbərliyinə təşəkkürünü bildirib və kursantlara seçdikləri bu şərəfli yolda uğurlar arzulayıb.

Sonda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov valideynlərə və kursantlara ürək sözlərini çatdırıb.

Son xəbərlər

Orphus sistemi