Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd olunub Xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb
Hərbi
13 Fevral , 2015 14:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd olunub

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 13-də Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının üçüncü ildönümü münasibətilə mərasim keçirilib.

"Report" xəbər verir ki, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən üç il ərzində əsaslı tədbirlər görülüb: "Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib".
Xidmət rəisi deyib ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb.
A.Rəhimov bildirib ki, səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə il ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri toplanaraq onlara sıra baxışı təşkil olunub, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılıb: "Görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib".
O qeyd edib ki, Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması qurumun fəaliyyətinə əlavə stimul verib: "Elektron xidmətlərin tətbiqində ciddi nailiyyətlər əldə etmiş dövlət orqanları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də yer alıb. Ötən ilin oktyabrından etibarən çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçmələri barədə məlumatları SMS vasitəsilə öyrənə bilirlər". 
A.Rəhimov vurğulayıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq.
Sonra Dövlət Xidmətinin hərbi qulluqçularının bir qrupunun ali hərbi rütbələr və medallarla təltif olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları oxundu.
Tədbirin yekununda xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi