Zakir Həsənov: "Torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır"

Zakir Həsənov: "Torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır" Müdafiə naziri müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə görüşüb
Hərbi
30 May , 2015 12:21
Zakir Həsənov: Torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Z.Həsənov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin tələblərini, ordu rəhbərliyinin tapşırıqlarını gənc zabitlərə çatdırıb, cəbhəboyu zonada əməliyyat şəraiti, Silahlı Qüvvələrin inkişaf istiqamətləri, döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işləri və digər məsələlər barədə ətraflı məlumat verib.

Qarşıda duran vəzifələrdən danışan Müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqların işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Müharibə bitməyib, davam edir və biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad etməliyik” sözlərini xatırladan müdafiə naziri yaxın vaxtlarda hərbi hissələrə təyin ediləcək gənc zabitlərə tövsiyə edib ki, tabelikdəki şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu mühüm vəzifənin yerinə yetirilməsi üçün səfərbər etmək onların başlıca vəzifəsi olmalıdır.

“Tabeliyinizdəki şəxsi heyətə hərbi vərdişləri, vətənpərvərlik hisslərini aşılamaqla onları istənilən anda döyüşə səfərbər etməyi bacarmalısınız. Unutmayın ki, torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır. Dövlətimizin və xalqımızın dəstəyi nəticəsində Azərbaycanın hərbi qüdrəti getdikcə güclənir. Ordumuzun silahlanmasına müasir döyüş texnikaları, yeni tank və zirehli döyüş maşınları daxil edilir. Amma bu müasir silah və texnika şəxsi heyət tərəfindən bacarıqla istifadə edilməlidir”, - deyə Z.Həsənov əlavə edib.

Keçən ilin yay aylarında və bu il ərzində cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan Müdafiə naziri diqqətə çatdırıb ki, həmin dövrdə növbəti dəfə ordumuzun lazımi qədər hərbi gücə malik olduğu sübuta yetirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Respublika Günü münasibətilə rəsmi qəbul zamanı çıxışında səsləndirdiyi “Keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaqdır” kimi fikirləri görüş iştirakçılarına xatırladan müdafiə naziri itkilərlə üzləşən düşmənin Azərbaycanın real hərbi qüvvəyə çevrildiyini bir daha dərk etdiyini bildirib.

Dövlət tərəfindən Silahlı Qüvvələrin şəxsi heyətinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Z.Həsənov qeyd edib ki, müasir dövrdə Azərbaycanın hərbi büdcəsindən sosial sahəyə xeyli miqdarda maliyyə vəsaiti ayrılır.

Müdafiə naziri çıxışının sonunda gənc zabitlərə üzərlərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək hərbi xidmətdə uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar hərbi təhsil dövründə qazandıqları bilik və vərdişlərlə Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə öz töhfələrini verəcəklər.

Son xəbərlər

Orphus sistemi