Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər 13 faiz azalıb

Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər 13 faiz azalıb Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
Hərbi
30 Yanvar , 2015 15:54
Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər 13 faiz azalıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2014-cü ildə görülmüş işlərin və cari ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bu barədə “Report”a Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Hərbi prokuror deyib ki, 2013-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 9,4 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 13 faiz, tabelik qaydası əleyhinə 19,4 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 17,1 faiz, fərarilik 33,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma 18,2 faiz, qəsdən sağlamlığa zərər vurma 33,3 faiz, qəsdən adam öldürmə 7 faiz, xuliqanlıq 75 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, ötən il bəzi cinayətlərin cüzi artımı qeydə alınıb, 2013-cü illə müqayisədə qeyri-hərbi cinayətlərin sayı 1,7 faiz çoxalıb.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bu cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilməklə icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Kollegiyada hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bir daha vurğulayıb ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə hərbi prokurorluq orqanları tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanır. İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasını və cinayəti törətmiş şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunmasını təmin etmək məqsədilə həmin cinayət işləri Respublika Hərbi Prokurorluğu tərəfindən xüsusi nəzarətdə saxlanılır.

Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2014-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək bu xarakterli faktlar üzrə 105 şəxs barəsində 58 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və bu il yanvarın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən Xanlar Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Xüsusi vurğulanıb ki, 2014-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 6 milyon 304 min 842 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib. Vurulmuş ziyanın tam ödənilməsi məqsədilə təqsirləndirilən şəxslərin 6 milyon manatdan çox müəyyən olunan əmlakı üzərinə həbs qoyulub.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 46 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 143 yoxlama keçirilib, nəticədə 1975 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 194 təqdimat göndərilib, 220 nəfərə xəbərdarlıq edilib, 57 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 142 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 36 qanunsuz qərar ləğv olunub.

Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 54 faizi təmin olunub, cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 252 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1865 müraciətinə baxılıb, 1203 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2781 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2162 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi