Arzu Rəhimov: "Neqativ hallara qarşı ciddi mübarizə aparılır"

Arzu Rəhimov: "Neqativ hallara qarşı ciddi mübarizə aparılır" Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində jurnalistlərlə görüş keçirilib
Hərbi
21 İyul , 2015 17:52
Arzu Rəhimov: Neqativ hallara qarşı ciddi mübarizə aparılır

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə bir qrup jurnalistlə görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə çıxış edən Xidmətin rəisi general-leytenant Arzu Rəhimov bildirib ki, Xidmət yarandığı gündən həmişə mətbuat üçün açıq olub: "Biz həmişə mətbuatla sıx əməkdaşlıq etmişik. Mətbuatla əlaqələrimiz çox yaxşıdır. Lakin mətbuatla əlaqələrimiz bundan da yaxşı olmalıdır. Bu işdə mətbuat nümayəndələri də öz töfhələrini verməlidirlər. Hər bir qurumda çatışmazlıqlar var. Bizim Xidmətdə də müəyyən çatışmazlıqlar ola bilər. Biz belə hallara qarşı birlikdə mübarizə aparmalıyıq".

A.Rəhimov əlavə edib ki, Xidmətdə neqativ hallara qarşı ciddi mübarizə aparılır: "Biz korrupsiyaya qarşı çox ciddi şəkildə mübarizə aparırıq. İstisna etmirik ki, kimsə-kimsədən nəsə istəyir. Amma buna ilk növbədə şərait yaradan vətəndaşlardır. Heç kim vətəndaşa deməz ki, "gəl mən nəyinsə qarşılığında sənin övladını hərbi xidmətdən yayındırım". Vətəndaş özünün qeyri-qanuni istəyini həyata keçirmək üçün kiməsə nəsə təklif edir. Kimdə belə fakt varsa, məlumatı versin, araşdıraq. Ancaq bəzi hallarda görürsən ki, jurnalistlər reytinq xətrinə hər hansı bir məsələni araşdırmadan düşündükləri kimi yazırlar. Biz heç kimə "yazma" deyə bilmərik, amma yazanda araşdırıb yazmaq lazımdır".

Xidmətin gördüyü işlər barədə məlumat verən A.Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür: "Xidmət tərəfindən ötən ildən başlayaraq regionlarda “Vətənin müdafiəsinə hazıram!” adlı hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, çağırışaqədərki hazırlığın keyfiyyətini daha da yaxşılaşdırmaq, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirmək məqsədi daşıyır. Xidmət ordu üçün sürücülərdən başqa, aşpazlar, paraşütçülər, snayperlər, kəşfiyyatçılar, atıcılar hazırlayır. Bu işdə KİV-lərin rolu böyükdür".

Sonda bir qrup jurnalistə hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı da olub.

Son xəbərlər

Orphus sistemi