​Alman faşizmi üzərində qələbədən 70 il ötür

​Alman faşizmi üzərində qələbədən 70 il ötür Qələbənin əldə olunmasında azərbaycanlıların, Bakı neftinin misilsiz rolu olub
Hərbi
9 May , 2015 00:00
​Alman faşizmi üzərində qələbədən 70 il ötür

Bakı. 9 may. REPORT.AZ/ Alman faşizmi üzərində qələbədən 70 il ötür. "Report" xəbər verir ki, müharibə nəticəsində 50-60 milyona yaxın insan həlak olub.

Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Azərbaycanda 1941-45-ci illər müharibəsi qurbanlarının xatirəsi daim əziz tutulur, dövlətin müharibə veteranlarına diqqət və qayğısı yüksək səviyyədədir.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

Prezident İlham Əliyev "1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında" 1 may 2005-ci il tarixli fərmanı ilə bu insanların şücaətini bir daha qiymətləndirib.

Bu il, qələbənin 70 illiyi ərəfəsində Prezident İlham Əliyev "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, dövlətin 1941-1945 ci illər müharibəsi iştirakçılarına verdiyi birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınıb. Bundan başqa, hər il müharibə veteranlarına yeni mənzillər, maşınlar təqdim olunur. 

Son xəbərlər

Orphus sistemi