​Ağdam və Tərtərdə partlamış raket qalıqları aşkarlanıb

​Ağdam və Tərtərdə partlamış raket qalıqları aşkarlanıb Hazırda ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hərbi
10 Avqust , 2016 16:50
​Ağdam və Tərtərdə partlamış raket qalıqları aşkarlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Ağdam və Tərtər rayonlarında partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) “Report”a verilən məlumata görə, Ağdam rayonunun Zəngişalı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların (top mərmiləri və 9M22U raketi - "Qrad") qalıqları aşkar edilərək götürülüb, nəticə olaraq 9 min kv.m ərazi yoxlanılıb.

Eyni zamanda, Tərtər rayonunun Şıxarx kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 min kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən avqustun 10-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi