Azərbaycanda “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib

Azərbaycanda “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib Qanuna dəyişikliklər edilməsi barədə qanunu Prezident İlham Əliyev imzalayıb
Hadisə
12 Yanvar , 2015 16:39
Azərbaycanda “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, qanunun 14-cü maddəsində “sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilmiş” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş” sözləri ilə əvəz edilib.

Qanunun 27-ci maddənin I hissəsinin ikinci cümləsində “sahibinin mülki məsuliyyətinin icbari sığortasının” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının” sözləri ilə əvəz olunub.

Prezident “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 16 dekabr tarixli qanununun tətbiqi haqqında da sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə (NK) ölkə qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin NK özünün normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi