Zərərçəkən şəxs onu bıçaqlayan oğlanı məhkəmədə bağışlayıb

Zərərçəkən şəxs onu bıçaqlayan oğlanı məhkəmədə bağışlayıb “Zəkəriyyəyə yüngül cəza verilməsini istəyirəm”
Hadisə
22 Oktyabr , 2015 16:13
Zərərçəkən şəxs onu bıçaqlayan oğlanı məhkəmədə bağışlayıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlayan Zəkəriyyə Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, zərərçəkən Orxan Mehralıyev, şahidlər - Mirzəəhməd Cəfərov, Əfqan Mehralıyev, Fuad Əzizov və Zöhrab Şıxəlıyev ifadə verib.

Dövlət ittihamçısı çıxış etdikdən sonra təqsirləndirilən Z.Cəfərov dindirilib: "Orxanla münasibətim yaxşı idi. 2 il bundan qabaq isə aramızda söz-söhbət olmuşdu. Hadisə günü mən maşın sürərkən Orxan qabağımı kəsdi. Mənə "toz edirsən" dedi. Mübahisə elədik. Sonra söhbətimizi kəndin qıraq hissəsində davam etdirməyimizə razılaşdıq və getdik. Söhbət əsnasında Orxan mənə kəllə ilə zərbə endirdi. Ona gücüm çatmadığından maşında gəzdirdiyim bıçaqla Orxanı vurdum. Özüm maşın təkəri düzəldən olduğum üçün həmişə avtomobilimdə bıçaq olurdu. Orxanı bıçaqlayandan sonra əmisigilə getdi. Mən isə evə gəlib atama Orxana bıçaq zərbəsi endirdiyimi danışdım. Əməlimdən çox peşmanam".

Zərərçəkən O.Mehralıyev ifadə verərkən şikayətçi olmadığını deyib: "Zəkəriyyə kənddə maşını ilə yanımdan sürətlə ötüb keçdi. Bu zaman yerdən toz qalxdı. Buna görə də aramızda söz-söhbət yarandı. Söhbət zamanı onun mənə vurduğu bıçaq zərbəsindən sonra əmimgilə getdim. Zəkəriyyə isə çox qorxmuşdu. Artıq onunla barışmışam. Səhhətim normaldır və şikayətçi də deyiləm. Məhkəmə heyətindən Zəkəriyyəyə yüngül cəza verilməsini istəyirəm".

Məhkəmənin növbəti iclası oktyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Xaçmaz rayon sakini Zəkəriyyə Cəfərov həmkəndlisi Orxan Mehralıyevi bıçaqla yaralayıb. Hadisədən sonra O.Mehralıyev xəstəxanaya aparılıb. Z.Cəfərov isə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi