Bakı. 21 iyul. REPORT.AZ/ Xızıda adam öldürməkdə təqsirləndirilən Babək Əzimovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclasının vaxtı açıqlanlıb.
"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək cinayət işi iyulun 28-nə təyin edilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində baş verib. Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb. Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü B.Əzimov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, iyulun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsinin hazırlıq iclası keçirilib. Prosesdə hakim Faiq Qəniyev özü-özünə etiraz edib. Buna səbəb kimi hakim ibtidai istintaqı aparan müstəntiqlə özünün qohum olmasını göstərib. Hazırlıq iclası dayandırılıb, cinayət işi dəftərxanaya təqdim edilib.