Bakı. 26 fevral. REPORT.AZ/ Fevralın 21-də Xəzər dənizinin Neftçala rayonu ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Cavad Xudaverdi oğlu Xudaverdiyevindir. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.
"Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir", - deyə SOCAR-dan qeyd olunub.