Xətaidə yaşayış binasında baş verən yanğınla bağlı tutulan şəxslərin məhkəməsidə 10 zərərçəkən ifadə verib

Xətaidə yaşayış binasında baş verən yanğınla bağlı tutulan şəxslərin məhkəməsidə 10 zərərçəkən ifadə verib Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib
Hadisə
30 Avqust , 2016 17:18
Xətaidə yaşayış binasında baş verən yanğınla bağlı tutulan şəxslərin məhkəməsidə 10 zərərçəkən ifadə verib

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə 10 nəfər zərərçəkmiş ifadə verib.

Səadət Ağamalıyev ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib. O, hadisə günü evdə olmadığını deyib: "Yanğından sonra evimdə təmir işləri istədiyim kimi aparılmadı. Dövlət tərəfindən verilən kompensasiya ilə evimi yenidən təmir etdirdim".

Zərəçəkmiş Yeganə Səmədova qeyd edib ki, hadisədən sonra kompensasiya ödənilib. O, təqsirləndirilən şəxlərdən şikayətçi olmadığını bildirib.

Əminə Ənsərova dindirilərkən hadisə nəticəsində evinin tamamilə yandığını deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən ay Bakı İstintaq Təcridxanasında saxlanılan N.Muxtarov orada vəfat edib.

Son xəbərlər

Orphus sistemi