​"Xaqani" bağında cinayət törədən şəxslərin apellyasiya məhkəməsinin vaxtı açıqlanıb

​"Xaqani" bağında cinayət törədən şəxslərin apellyasiya məhkəməsinin vaxtı açıqlanıb Hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək proses mayın 25-nə təyin edilib
Hadisə
24 May , 2016 11:19
​Xaqani bağında cinayət törədən şəxslərin apellyasiya məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 24 may. REPORT.AZ/ Bakının "Xəqani" bağında qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Kərimov Kərim Əlifayıl oğlu və Əliyev Fuad İsabala oğlunun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək proses mayın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin iyul ayının 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, "Xəqani" bağının yaxınlığında baş verib. İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini K.Kərimov həmyerliləri F.Əliyev, İlham Şadıyev və Əli Süleymanovla birlikdə "Xəqani" bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, F.Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Ş.Quliyevin bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən K.Kərimov və F.Əliyev tutularaq istintaqa cəlb olunublar. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və "beşbarmaq" aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunublar.

Ötən il oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Kərimov 18 il, F.Əliyev isə 17 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündən narazı qalan şəxslərin müdafiəçiləri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçisi məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib. Təqsirləndirilən şəxslər həmin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib. İşə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Son xəbərlər

Orphus sistemi