Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Səbail rayon Məhkəməsində vətənə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Bu bardə "Report"a vəkil Cavad Cavadov məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.
“Etiraf etmək lazımdır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində rəhbərlik dəyişikliyindən sonra peşəkarlığın və qanunun tələblərinə riayət olunmasının səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Hazırki qərarın qəbul olunmasına görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Mədət Quliyevə, bu təşkilatın istintaq orqanına və müstəntiq Cavid Quluzadəyə Ceyhun Cəfərovun və onun ailəsinin adından təşəkkürümü bildirirəm”, - deyə, C.Cavadov bildirib.
Qeyd edək ki, C.Cəfərov ötən il həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.