​Vəkil: "AMAY rəhbəri Ali Məhkəməyə kassasiya şikayəti verəcək"

​Vəkil: "AMAY rəhbəri Ali Məhkəməyə kassasiya şikayəti verəcək" "Hazırda kassasiya şikayəti ilə bağlı sənədlər yekunlaşmaq üzrədir"
Hadisə
16 Dekabr , 2015 18:18
​Vəkil: AMAY rəhbəri Ali Məhkəməyə kassasiya şikayəti verəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Bu barədə "Report"a A.Abdullayevin vəkili Osman Kazımov bildirib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə bağlı kassasiya şikayəti veriləcək: "Hazırda kassasiya şikayəti ilə bağlı sənədlər yekunlaşmaq üzrədir. Bir neçə gündən sonra Ali Məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayevin vəkili O.Kazımov apellyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi