​Taleh Bağırovun müavininin həbs müddəti uzadılıb

​Taleh Bağırovun müavininin həbs müddəti uzadılıb Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iki ay artırılıb
Hadisə
7 Mart , 2016 09:46
​Taleh Bağırovun müavininin həbs müddəti uzadılıb

Bakı. 7 mart. REPORT.AZ/ “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilat sədrinin müavini Elçin Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

“Report”un əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iki ay artırılıb.

E.Qasımovun müdafiəçiləri məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də saxlanılıb. E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. 

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələrilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi