​Suriyada döyüşən azərbaycanlıların apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

​Suriyada döyüşən azərbaycanlıların apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
9 Dekabr , 2015 10:19
​Suriyada döyüşən azərbaycanlıların apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 6 nəfərlik dəstə üzvlərinin - Ruslan Mustafayev, Tariyel Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı təqsirləndirilən şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında Ruslan Mustafayev, Tariyel Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradov da olub.

Məlumatda bildirilib ki, təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriyanın ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Bu ilin iyun ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə R.Mustafayev 14 il, qalan 5 nəfər isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi