​Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası artırılıb

​Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası artırılıb Prokurorun apellyasiya protesti qismən təmin edilib
Hadisə
14 İyul , 2016 10:27
​Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası artırılıb

Bakı. 14 iyul. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Xəqani İsa oğlu Hüseynovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti qismən təmin edilib və birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişirilib. Belə ki, məhkəmə X.Hüseynovun 14 illik cəzasının üzərinə əlavə 1 il də artıraraq, onun 15 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci il noyabr ayının 5-də baş verib. Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü X.Hüseynov aralarında yaranan mübahisə zəminində 1988-ci il təvəllüdlü həyat yoldaşı Ramilə Hüseynovaya bir neçə dəfə bıçaq xəsarəti yetirib. Yaralı aldığı xəsarətlərdən evdə dünyasını dəyişib. Qətli törədən X.Hüseynov tutularaq istintaqa cəlb edilib.

X.Hüseynov ilkin dindirilmə zamanı həyat yoldaşının ona xəyanət etdiyini və bu səbəbdən də qətli törətdiyini bildirib. Onlar hadisədən 3 il əvvəl ailə həyatı qurub, övladları yoxdur.

X.Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Bu il aprel ayının 19-da Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə X.Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib və cəzanın ağırlaşdırılmasını istəyib.

Son xəbərlər

Orphus sistemi