Astara. 25 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakini Astarada narkotik vasitə satarkən tutulub.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, bu, Astara rayon Polis şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyatı nəticəsində mümkün olub.
Sumqayıt şəhər sakini, Astara rayonunun Bəndəsər kəndində yaşayan 35 yaşlı Qurbanov Rauf Sabir oğlu hələlik istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana əldə edərək Astara rayonunun Bəndəsər kəndindəki evinə gətirib. O, əməliyyat-axtarış tədbirləri çərçivəsində 14 kibrit qutusunda ümumi çəkisi 41,25 qram olmaqla qurudulmuş marixuananı şərti alıcı qismində iştirak edən şəxsə 500 manata satarkən polis əməkdaşları tərəfindən tutulub. Keçirilən əməliyyat axtarış tədbirlərinin davamı olaraq Rauf Qurbanovun Astara Bəndəsər kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin zirzəmisində torbada saxladığı daha 3 kq. 560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Astara RPŞ istintaq bölməsindən narkotik vasitələrin qanunsuz dövriyəsini həyata keçirməkdə təqsirli bilinən Rauf Qurbanov əvvəllər də Azərbaycan Respublikasının CM-nin 177-ci (oğurluq) və 181-ci (dələduzluq) maddələri ilə məhkumluq həyatı yaşadığını bildirilib.
Faktla bağlı Astara rayon Polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 234-cü maddəsi üzrə cinayət işi başlanıb və təqsirləndirilən şəxs Rauf Qurbanov barəsində Astara rayon məhkəməsi tərəfindən 04 ay müddətində həbs qətiimkan tədbiri seçilib.