​Soyğunçuluğa cəhd və narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

​Soyğunçuluğa cəhd və narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib “Ölmək istəmirsənsə, mənə pul ver”
Hadisə
26 Oktyabr , 2015 14:13
​Soyğunçuluğa cəhd və narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluğa cəhd etməkdə və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən İlqar Cəfərzadə, şahidlər - Rahim Qasımov və Nəriman Əzizov ifadə verib.

İ.Cəfərzadə dindirilən zaman hadisə haqda danışıb: “Yay fəsli idi. Gecə bacımla maşından düşüb gedirdik. Bu zaman arxa tərəfdən bir nəfər bizə yaxınlaşdı. Həmin şəxs Ruslan idi. O, mənim əlimdən tutub pul istədi. Ruslan dedi ki, “taksiyə verməyə pulum yoxdur, ölmək istəmirsənsə, mənə pul ver”. Mən də pul vermədim, o, qaçdı. Ruslanın arxasınca qaçıb onu tutdum. Bacım isə polisə zəng vurdu. Hüquq-mühafizə orqanlarının işçiləri gəlib onu bölməyə apardılar”.

R.Məmmədov ötən prosesdə olduğu kimi, yenə Sumqayıtda yaşayan bacısıgilə getmək üçün İ.Cəfərzadədən pul almaq istədiyini və tutulan vaxt isə üzərində narkotik maddə olmadığını bildirib: “Yenə deyirəm, mənim üzərimdə heroin yox idi”.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, bu ilin iyun ayında R.Məmmədov İlqar Cəfərzadəyə qarşı soyğunçuluğa cəhd etdiyinə görə tutulub. Hadisə zamanı onun üzərindən narkotik vasitələr götürülüb.

O, Cinayət Məcəlləsinin 29,180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə, cinayət etməyə cəhd) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi