​Son 9 ildə insan alveri ilə bağlı qeydə alınan cinayətlərin sayı açıqlanıb

​Son 9 ildə insan alveri ilə bağlı qeydə alınan cinayətlərin sayı açıqlanıb Statistika cinayət və cinayətkarların sayının artdığını göstərir
Hadisə
28 Mart , 2016 16:22
​Son 9 ildə insan alveri ilə bağlı qeydə alınan cinayətlərin sayı açıqlanıb

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində 2005-ci ildə 160 cinayət faktı qeydə alındığı halda, 2014-cü ildə bu rəqəm 281 olub.

"Report" Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, bu illər ərzində qeydə alınan cinayətlərdən insan alveri ilə bağlı faktlar 2005-ci illə müqayisədə 2014-cü ildə 96 fakt artıb. Belə ki, 2005-ci ildə bu cinayət növü üzrə 1, 2014-cü ildə 97 cinayət faktı qeydə alınıb.

Məcburi əmək cinayəti ilə bağlı 2005-ci ildə fakt qeydə alınmasa da, 2014-cü ildə bu rəqəm 5 olub. Fahişəliyə cəlb etmə cinayəti üzrə 2005-ci ildə 54, 2014-cü ildə 79, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə cinayəti ilə bağlı 2005-ci ildə 3, 2008-ci ildə 10, 2014-cü ildə 3 fakt qeydə alınıb. Əxlaqsızlıq yuvaları saxlama ilə bağlı 2005-ci ildə 97, 2008-ci ildə 180, 2014-cü ildə isə 86 fakt qeydə alınıb. Seksual xarakterli hərəkətlərə məcbur etmə ilə bağlı 2005-ci ildə 5, 2014-cü ildə 6 fakt qeydə alınıb. İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiyası məqsədilə götürülməsinə məcbur etmə ilə bağlı 2011-ci ildə 2, 2014-cü ildə 1 fakt qeydə alınıb. Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma ilə bağlı 2008-ci ildə 10, 2014-cü ildə 1 fakt qeydə alınıb.

Bu illər ərzində göstərilən sahələr üzrə 1 950 nəfər cinayət törətmiş şəxs qeydə alınıb. 2005-ci ildə onların sayı 153, 2008-ci ildə 349, 2014-cü ildə 149 nəfər olub. 2005-2014-cü illər ərzində insan alveri ilə bağlı cinayət törədənlərin sayı 408 nəfər olub. 2005-ci ildə bu sahə üzrə cəmi 1 cinayətkar qeydə alındığı halda, 2014-cü ildə bu rəqəm 26 olub.

Bu illər ərzində qeyd olunan cinayət faktlarının 583 qurbanı olub. 2005-ci ildə 1, 2007-ci ildə daha çox - 101, 2014-cü ildə törədilmiş cinayət faktları üzrə 54 nəfər qurban qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi