Şirkət rəhbərinin apellyasiya şikayəti təmin edilməyib

Şirkət rəhbərinin apellyasiya şikayəti təmin edilməyib Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
14 Aprel , 2016 08:57
Şirkət rəhbərinin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri Elman Tağıyev, şirkətin baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov barələrində olan hökmdən Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, istintaq araşdırması zamanı müəyyən edilib ki, “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri E.Tağıyev, baş mühasibi R.Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş S.Məhərrəmov, E.Fərəcov və Ç.Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olublar. Təqsirləndirilən şəxslər 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon 636 min 371 manat ziyan vurublar. Bundan başqa, məlum olub ki, “Birlik-İnşaat” MMC vergidən də yayınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məhərrəmovla Çingiz Əzimovun hər biri 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs qətimkan tədbiri seçilməyən E.Tağıyev və R.Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan R.Minaçaeva həbs edilib. Lakin E.Tağıyev məhkəməyə gəlmədiyi üçün onun barəsində həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib. Daha sonra barəsində axtarış elan olunan E.Tağıyev həbs edilib. Bundan başqa, cinayət işi üzrə təqsirləndirilən E.Fərəcovun vəfat etməsi ilə bağlı olaraq onun barəsində olan cinayət işinə xitam verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı və təqsirləndirilən şəxslər apellyasiya protesti və apellyasiya şikayətləri veriblər.

Son xəbərlər

Orphus sistemi