“Sevil massivi”ndə ev və torpaq alan üç minə yaxın zərərçəkən pulunu tələb edir

“Sevil massivi”ndə ev və torpaq alan üç minə yaxın zərərçəkən pulunu tələb edir Zərərçəkənlər mətbuat konfransı keçirib
Hadisə
10 Avqust , 2015 12:51
“Sevil massivi”ndə ev və torpaq alan üç minə yaxın zərərçəkən pulunu tələb edir

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün “Sevil massivi” Mənzil Tikinti Kooperativi tərəfindən hüquqları pozulan bir qrup şəxs mətbuat konfransı keçirib.

“Report”un məlumatına görə, zərərçəkən Abdulla Əfəndizadə bildirib ki, əvvəl bu prosesdə 3250 zərərçəkən olub, sonradan isə bəzi zərərçəkənlər təklif olunan məbləğlə razılaşdırılıblar və prosesdən çəkiliblər: “Bəzi vətəndaşlara ümumi məbləğə imza atdırıb, pulun yarısını verirlər. Biz bununla razılaşa bilmərik. Hazırda 3 minə yaxın zərərçəkən var. Əsas tələbimiz pulumuzun geri qaytarılmasıdır”.

O deyib ki, bu məsələdə massiv rəhbərliyinin təqsiri olmasa da, həbs olunublar: “Orada əvvəlcədən iş normal vəziyyətdə aparılıb, amma hansısa səbəblərə görə massiv rəhbərliyi həbs edilib. Bu düzgün deyil. Həmin şəxslərdən narazılığımız yoxdur. Abşeron rayon Hökməli bələdiyyəsinin sabiq sədri Mirnemət Mirhadıyev azadlıqdadır. Onun adı 200 minlik rüşvət ittihamında hallanır. Çox maraqlıdır ki, həmin bələdiyyənin indiki sədri Mirnemət Mirhadıyevin oğludur. Niyə həbs olunmurlar? Abşeron Rayon İcra Hakimiyyəti də bu məsələyə ciddi yanaşmır. Abşeron Rayon İcra Hakimiyyətində pulların notarial qaydada qaytarılması üçün komissiya yaradılıb. Komissiyanın üzvlərindən biri icra hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucovdur. O da həmişə vəd verir, amma nəticə yoxdur”.

Digər zərərçəkənlər Aidə Həsənova, Elman Süleymanov məsələnin hüquqi müstəvidə həll edilməsini və aldıqları torpaqlarının geri qaytarılmasını tələb ediblər. Onlar Azərbaycan Prezidenti İlham Əliyevə məsələni nəzarətə götürməsi üçün müraciət ediblər.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun 2014-cü ilin iyulun 25-də yaydığı məlumatda bildirib ki, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bununla yanaşı, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla, həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M. Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Bundan başqa, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq, binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

Son xəbərlər

Orphus sistemi