Bakı. 28 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 28-də Salyan rayonu ərazisindən qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış və köməksiz vəziyyətdə qalan 2 balıqçının xilas edilməsi ilə bağlı rəsmi açıqlama yayıb. "Report" nazirliyin saytına istinadən xəbər verir ki, FHN-nin Aviasiya dəstəsinin bir ədəd helikopteri ilə dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub, köməksiz vəziyyətdə qalmış balıqçıları götürərək aidiyyəti üzrə təhvil veriblər.
ilk xəbər saat 12.03-də yayımlanıb
Bakı. 28 noyabr. REPORT.AZ/ Salyan rayonunda iki balıqçı dənizdə itkin düşüb. Bu barədə "Report"a Salyan Rayon Polis Şöbəsindən məlumat verilib. Belə ki, rayonun Xıdırlı kənd sakinləri Araz Həsənov və Ramil Əliabbasov dünən balıq tutmaq adı ilə evdən çıxıblar. Onların geri dönmədiyini görən yaxınları bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Salyan Regional İdarəsinə də məlumat verilib. Hazırda xilasedicilər dənizdə balıqçıların axtarışlarını davam etdirir.