​Şair Saday Şəkərli: "Vergilər naziri həmişə mənim şeirimə hörmətlə yanaşıb"

​Şair Saday Şəkərli: "Vergilər naziri həmişə mənim şeirimə hörmətlə yanaşıb" Dövlət ittihamçısı ittiham aktını elan edib
Hadisə
1 Aprel , 2016 15:11
​Şair Saday Şəkərli: Vergilər naziri həmişə mənim şeirimə hörmətlə yanaşıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra S.Şəkərli ifadə verib. O, ifadəsində özünü təqsirli bilmədiyini deyib. S.Şəkərli bildirib ki, ittiham aktının məzmunu olsa da, mahiyyəti yoxdur: "İttiham aktında qeyd edilənlərlə razılaşmıram. Mən heç kimə nə zəng etmişəm, nə də hədə-qorxu gəlmişəm. Mən ancaq "Bakcell"dən istifadə etmişəm. Digər mobil operatorlarından istifadə etməmişəm. Vergilər naziri Fazil Məmmədovla 20 illik haqq-hesabım, yaxın münasibətim olub. Nazir həmişə mənim şeirimə hörmətlə yanaşıb. Dəfələrlə Vergilər Nazirliyində nazirin qəbulunda olmuşam. Həmişə çap olunan kitablarımın ilk nüsxəsini nazir Fazil Məmmədova təqdim etmişəm. Sonuncu çıxan kitabımı 2015-ci ilin 23 dekabr tarixində yenə nazirə təqdim etmişəm. Bundan sonra Vergilər Nazirliyinin əməkdaşı məni nazirliyə dəvət etdi. Əvvəl bütün sənədlərimi əlimdən aldılar. Sonra nazirliyin əməkdaşı Asif Cahangirovla 4 dəqiqə söhbətim oldu. O mənə 10 min manat pul təklif etsə də, onu qəbul etmədim. Asif Cahangirov zorla pulu mənə verdi. Bu zaman Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil oldu. Onlar mənə dedilər ki, sən hədə-qorxu ilə Vergilər Nazirliyindən pul tələb etmisən".

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi