​"Sahil" bağında qətl törədən şəxsin məhkəməsi davam etdirilib

​"Sahil" bağında qətl törədən şəxsin məhkəməsi davam etdirilib Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib
Hadisə
29 Fevral , 2016 16:20
​Sahil bağında qətl törədən şəxsin məhkəməsi davam etdirilib

Bakı. 29 fevral. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə davam etdirilib.

“Report”un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Daha sonra E.Çobanovun vəkili Ramil Əliyev çıxış edərək apellyasiya şikayətini müdafiə edib.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən H.Həsənovun gəzdirdiyi it onun həyat yoldaşı və rəfiqələrinə hürməyə başlayıb. Buna hirslənən E.Çobanov H.Həsənovdan itini kənara çəkməsini istəyib. Tərəflər arasında mübahisə yaranıb və E.Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə H.Həsənova, daha sonra isə onun dostu O.Məmmədzadəyə zərbə endirib. Hadisədən sonra E.Çobanov oranı tərk edib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Ötən ilin dekabr ayının 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi