​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkil apellyasiya şikayəti verib

​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkil apellyasiya şikayəti verib İlkin baxış iclası fevralın 3-nə təyin edilib
Hadisə
1 Fevral , 2016 17:42
​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkil apellyasiya şikayəti verib

Bakı. 1 fevral. REPORT.AZ/ Rüşvət verməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən Əliabbas Rüstəmov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq. 

İlkin baxış iclası fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, “Yasavul” MMC-nin direktoru olan keçmiş vəkil Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Ə.Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.

Baxış zamanı Ə.Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.

O, Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

2015-ci ilin noyabr ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Ə.Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ə.Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Qərardan narazı qalan Ə.Rüstəmov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi