​Rusiyada polis kapitanını qətlə yetirən azərbaycanlının işi məhkəməyə verilib

​Rusiyada polis kapitanını qətlə yetirən azərbaycanlının işi məhkəməyə verilib Xəlil Sarıyev 2014-cü il aprelin 6-na keçən gecə saxlanılıb
Hadisə
24 Sentyabr , 2015 08:40
​Rusiyada polis kapitanını qətlə yetirən azərbaycanlının işi məhkəməyə verilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Moskva Prokurorluğu 49 yaşlı Azərbaycan vətəndaşı Xəlil Sarıyevə qarşı cinayət işi üzrə ittiham qərarını təsdiq edib.

"Report" "Procrf.ru" portalına istinadən xəbər verir ki, o, istintaq orqanları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur.

Müəyyən edilib ki, 2014-cü il aprelin 6-na keçən gecə Xəlil Sarıyev qəsdən adam öldürməyə görə axtarışda olan tanışı Hüseyn Xəlilov ilə Moskva şəhəri, Radujnaya küçəsində kirayə tutduğu mənzildə olub.

Həmin zaman Xəlilovun tutulmasına yönəlmiş operativ əməliyyat tədbirləri çərçivəsində göstərilən ünvana Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib.

Əməliyyatçıların dəfələrlə tələbindən sonra onlar mənzilin qapısını polislərin üzünə açıblar. Polis kapitanı Sergey Jadobkin özünü təqdim edərək əlində silah dəhlizə daxil olduqda, mətbəxdə olan Sarıyev Xəlilovun tutulmasını əngəlləmək məqsədi ilə onu ov tüfəngi ilə vurub. Zərərçəkən aldığı odlu silah yaralarından hadisə yerində keçinib. Sarıyev və Xəlilov isə onun həmkarları tərəfindən saxlanılıb.

Rusiya prezidentinin 14 oktyabr 2014-cü il tarixli fərmanı ilə polis kapitanı Sergey Jadobkin ölümündən sonra Cəsurluq ordeni ilə təltif edilib.

Sarıyev barəsində açılan cinayət işi mahiyyəti üzrə baxılması üçün Moskva şəhər məhkəməsinə göndərilib.

Moskva vilayəti Krasnoqorski şəhər məhkəməsinin 11 dekabr 2014-cü il qərarı ilə Xəlilov 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi