ŞİH başçısının müavini: "Lənkəranda 1 500-dən çox ev və təsərrüfat sahəsi daşqınlara məruz qalıb, 500-dən çox ailə köçürülüb"

ŞİH başçısının müavini: "Lənkəranda 1 500-dən çox ev və təsərrüfat sahəsi daşqınlara məruz qalıb, 500-dən çox ailə köçürülüb" "Xüsusi komissiya daha bir həftə ərzində dəyən ziyanı müəyyənləşdirmək üçün 5 qrup halında fəaliyyət göstərəcək"
Hadisə
3 Noyabr , 2015 17:10
ŞİH başçısının müavini: Lənkəranda 1 500-dən çox ev və təsərrüfat sahəsi daşqınlara məruz qalıb, 500-dən çox ailə köçürülüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda bir neçə gün davam edən aramsız yağışlar nəticəsində 1 500-dən çox ev və təsərrüfat sahəsi daşqınlara məruz qalıb, 500-dən çox ailə evlərindən köçürülüb.

Bunu "Report"a Lənkəran Şəhər İcra Hakimiyyəti (RİH) başçısının müavini Möhübbət Babayev bildirib.

Onun sözlərinə görə, dəyən ziyanın genişmiqyaslı olması səbəbindən ilkin olaraq texnikalar dağlıq ərazilərdə yol və körpülərin bərpası istiqamətində tədbirlərin görülməsinə yönəldilib:

"Oktyabrın 16-17-də və 28-29-da aramsız yağan yağışlar nəticəsində Lənkəran rayonu ərazisindəki çayların və kollektorların əksəriyyəti daşıb. Bir neçə gün fasilə ilə bir ayda iki dəfə eyni ərazidə daşqınların baş verməsi vətəndaşlara və yol infrastrukturuna ciddi ziyan vurub. İlkin məlumat kimi deyə bilərik ki, çay qırağı yaşayış massivləri ilə yanaşı, dağlıq ərazilərdə də xeyli ziyanlar var. Üç avtomobil körpüsü qəzalı vəziyyətə düşüb, 7 metal konstruksiyalı piyada körpüsünü sel uçurub, yollarda böyük diametrli beton su ötürücü qurğular sıradan çıxıb, torpaq sürüşmələri nəticəsində yollar torpaq qatı ilə örtülüb. Fərdi təsərrüfatlarda xırda və iribuynuzlu mal-qara, ev quşları tələf olub".

M.Babayev deyib ki, məsələylə bağlı rayon rəhbərliyi tərəfindən əlaqədar nazirliklərə məlumat verilib:

"Dəyən ziyanın yerində müəyyənləşdirilməsi məqsədilə xüsusi komissiya cənub bölgəsinə ezam olunub. Hazırda müxtəlif qruplar üzrə komissiyalar işləyir. Xüsusi komissiya daha bir həftə ərzində Lənkəranda infrastruktura və fərdi təsərrüfatlara dəyən ziyanı müəyyənləşdirmək üçün 5 qrup halında fəaliyyət göstərəcək. Yalnız bundan sonra yekun nəticə məlum olacaq".

Qeyd edək ki, Lənkəranda yağıntıların ara verməsi həyətlərə yığılan suyun çəkilməsinə şərait yaradıb. Evlərini tərk edən sakinlər geri qayıdır. Ötən gecədən yağıntıların dayanması çaylarda suyun səviyyəsinin enməsinə şərait yaradıb. Çökək ərazilərdə olan bəzi həyətlər istisna olmaqla su çəkilib. Evlərdə və həyətlərdə su çəkiləndən sonra antisanitar vəziyyət yaranıb.

Son xəbərlər

Orphus sistemi