Rəsmi məlumat: Sabunçudakı insidentə görə 8 nəfərə inzibati həbs cəzası verilib

Rəsmi məlumat: Sabunçudakı insidentə görə 8 nəfərə inzibati həbs cəzası verilib DİN və Baş Prokurorluq birgə məlumat yayıb
Hadisə
6 Noyabr , 2015 20:30
Rəsmi məlumat: Sabunçudakı insidentə görə 8 nəfərə inzibati həbs cəzası verilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Baş Prokurorluq və Daxili İşlər Nazirliyi noyabrın 5-də Sabunçu rayonunda baş vermiş insidentlə bağlı birgə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumatda bildirilir ki, 2015-ci il noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar:

"Bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb.

Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilib.

Qanunazidd hərəkətlərə yol verən şəxslərin nəzərinə çatdırılır ki, ölkədə asayişin və sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq".

Son xəbərlər

Orphus sistemi