Ramil Usubov Çinin ictimai təhlükəsizlik nazirinin müavini ilə görüşüb

Ramil Usubov Çinin ictimai təhlükəsizlik nazirinin müavini ilə görüşüb Azərbaycanın daxili işlər naziri kibercinayətkarlıqla mübarizədə Çin təcrübəsini yüksək qiymətləndirib
Hadisə
23 May , 2016 16:51
Ramil Usubov Çinin ictimai təhlükəsizlik nazirinin müavini ilə görüşüb

Bakı. 23 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana səfərə gələn ictimai təhlükəsizlik nazirinin müavini Li Uey və həmin nazirliyin yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Daxili işlər naziri iki ölkə arasındakı münasibətlərin tarixən mövcud olan Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına ilk rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb. Qeyd olunub ki, həmin səfər əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi kurs, onun Çinə dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər ikitərəfli münasibətlərin inkişafında yeni bir səhifə açmaqla gələcək əməkdaşlığın yeni mərhələyə qalxmasına təminat verib.

General-polkovnik Ramil Usubov bildirib ki, Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq onun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanan saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır.

Nazir 2003-cü ildən başlayaraq DİN Daxili Qoşunlarının hərbi qulluqçularının Çin Xalq Respublikasında müxtəlif təlim kurslarında iştirakını məmnunluqla qeyd edib.

Qonaqlara həmçinin, müstəqilliyin əldə edilməsindən sonra keçilən çətin, eyni zamanda şərəfli yol, cinayətkarlığa qarşı mübarizə, ölkədə sabitliyin yaradılması və onun dönməzliyinin təmin olunması sahəsində həyata keçirlən tədbirlər, mövcud problemlər barədə ətraflı məlumat verilib. Transmilli mütəşəkkil cinayətkarlıq, onun ayrı-ayrı növləri, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və s. ilə yalnız birgə səylərlə daha effektiv mübarizə aparmağın vacibliyi diqqətə çatdırılıb.

Daxili işlər naziri Ramil Usubov xüsusən kibercinayətkarlıqla mübarizədə Çin təcrübəsini yüksək qiymətləndirib.

Çin Xalq Respublikasının ictimai təhlükəsizlik nazirinin müavini Li Uey səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycana ilk dəfə gəldiyini, təhlükəsiz şəhər kimi Bakı ilə tanışlığın qonaqlarda xoş təəssürat yaratdığını, paytaxtın gözəlliyini, Azərbaycan xalqının qonaqpərvər və əməksevər olduğunu müşahidə etdiklərini deyib. 

O, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin inkişafında maraqlı olduqlarını, Çin nümayəndə heyətinin ölkəmizə səfərinin dövlət başçıları arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi