General ​Rafiq Abbasovdan 18 yeni kadr təyinatı

General ​Rafiq Abbasovdan 18 yeni kadr təyinatı Daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara öz tövsiyələrini verib
Hadisə
20 Dekabr , 2014 16:26
General ​Rafiq Abbasovdan 18 yeni kadr təyinatı

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Daxili İşlər Nazirliyində (DİN) Türkiyənin Ankara Polis Akademiyasını və Rusiya Federasiyası DİN-in xüsusi ali təhsil müəssisələrini 2014-cü ildə bitirmiş məzunların orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov tədbiri açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, son illər davamlı olaraq bu praktikadan istifadə olunduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın və xarici dövlətlərin ali hüquq təhsili müəssisələrinin məzunlarının orta rəis heyəti vəzifələrinə yerləşdirilməsi, ümumilikdə gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə 18 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra püşkatma yolu ilə təyinat aparılıb. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Tədbirə yekun vuran daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara öz tövsiyələrini verib.

Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikada əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərin və Prezidentin qeyd etdikləri kimi məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

O deyib ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkənin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün lazımi addımlar atılır.

Son xəbərlər

Orphus sistemi