​Qusarda həmyerlisini öldürən şəxs apellyasiya şikayətindən imtina edib

​Qusarda həmyerlisini öldürən şəxs apellyasiya şikayətindən imtina edib Məhkəmə cinayət işinin icraatına xitam verib
Hadisə
9 İyul , 2016 13:23
​Qusarda həmyerlisini öldürən şəxs apellyasiya şikayətindən imtina edib

Bakı. 9 iyul. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Abdulrəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin icraatına xitam verilməsi barədə qərar elan olunub.

Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən R.Abdulrəhimov və onun müdafiəçisi ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini bildiriblər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs və onun müdafiəçisinin ərizəsini nəzərdən keçirib, apellyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə dövlət ittihamçısının fikrini dinləyib. Daha sonra məhkəmə iş üzrə başqa apellyasiya şikayəti və apellyasiya protesti olmadığından apellyasiya şikayətinin baxılmasına xitam verib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Qusar rayonunun Tofiq İsmayılov küçəsi, ev 75 ünvanında baş verib. Qusar rayon sakini Şahin Niftəliyevin evinə gəlmiş tanışı və həmyerlisi R.Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Bu zaman həmin ünvanda kirayədə yaşayan Zibeydə Hacıbəyova onları ayırmaq istəsə də R.Abdulrəhimov onu itələyərək, ev sahibinə xəsarət yetirməkdə davam edib. Nəticədə aldığı zərbələrdən Ş.Niftəliyev yerindəcə keçinib. Hadisəni törədən R.Abdulrəhimov onları ayırmaq istəyən Z.Hacıbəyovaya da xəsarət yetirib. Qadın rayon mərkəzi xəstəxanasında ilk tibbi yardımdan sonra evə buraxılıb. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

O, Cinayət Məcəlləsinin (CM) 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Bu ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Abdulrəhimov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum təqsirləndirilən şəxsin müdafiəçisi Ərəstun Ağayev apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, birinci intansiya məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin CM-nin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə tövsif olunmaqla bu maddənin sanksiyası həddində cəza təyin edilməsini, R.Abdulrəhimovun barəsində elan edilmiş ittihamdan CM-nin 120.2.3 və 29, 120.2.7-ci maddələrin xaric edilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi