Qiyas İbrahimovun məhkəməsində şahidlər ifadə verib

Qiyas İbrahimovun məhkəməsində şahidlər ifadə verib Proses oktyabrın 4-də davam etdiriləcək
Hadisə
29 Sentyabr , 2016 18:33
Qiyas İbrahimovun məhkəməsində şahidlər ifadə verib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun məhkəmə prosesi davam etdirilib. 

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda 22-ci Polis Bölməsinin əməkdaşları Bəylər Nağıyev, Çingiz Əlisəfərov və Rüfət Ağarzayev şahid qismində ifadə veriblər. Onlar Q.İbrahimovda narkotik vasitə olması haqda məlumat daxil olduğunu bildiriblər və bundan sonra əməliyyat keçiriblər. Q.İbrahimov saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəsini təqdim edib. 

Şahidlər bildirib ki, Q.İbrahimov həmin narkotiki İran vətəndaşından aldığını deyib. Onlar təqsirləndirilən şəxsin evinə baxış keçirərkən narkotik vasitə aşkarlandığını qeyd ediblər. 

Proses oktyabrın 4-də davam etdiriləcək. 

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi