Qiyas İbrahimov məhkəmədə ifadə verib

Qiyas İbrahimov məhkəmədə ifadə verib Prokuror ittiham aktını elan edib
Hadisə
27 Sentyabr , 2016 18:10
Qiyas İbrahimov məhkəmədə ifadə verib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun məhkəməsinin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən Q.İbrahimov məhkəmədə ifadə verib. O, dindirilən zaman günahının oımadığını bildirib. Q.İbrahimov onun barəsində irəli sürülən ittihamla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib.

Prosesdə şahid - Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Pərviz Məmmədov ifadə verib. O bildirib ki, Q.İbrahimovu saxladıqdan sonra onun üzərində narkotik vasitə aşkarlanıb: "O, həmin narkotiki İran vətəndaşı Həsəndən aldığını dedi".

Q.İbrahimov polis əməkdaşlarının onu təhqir etdiklərini və ona işgəncə verdiyini bildirib. P.Məmmədov isə bunu təkzib edib.

Bundan sonra digər şahid, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Elvin Kazımov ifadə verib.

Prosesin növbəti iclası sentyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi