​Qətl törətməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib

​Qətl törətməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib Şikayətə yuxarı instansiya məhkəməsində baxılacaq
Hadisə
27 Fevral , 2016 09:49
​Qətl törətməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səbuhi İmran oğlu və qanunsuz olaraq odlu silah daşımaqda təqsirləndirilən Zeynalov Vüqar Mübariz oğlu, Qurbanlı Sənan Bəhram oğlu, Babayev Vahab Atabala oğlu, Xasıyev Elçin Elşad oğlu və Abbasov Elməddin Elşad oğlu barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Buna səbəb kimi ilkin qərardan kassasiya şikayəti verilməsi göstərilib.

Şikayətə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü il noyabr ayının 19-da Sabunçu rayonunda baş verib. Ramil Əliyev dostları E.Abbasov və E.Xasayevlə birgə gecə kafedə oturarkən, orada əyləşən S.İmran oğlu ilə aralarında mübahisə yaşanıb. Həmin şəxslər kafeni tərk edəndən sonra yenidən S.İmran oğlunun dostları - V.Zeynalov, V.Babayev və S.Qurbanlı arasında dava düşüb. Nəticədə S.İmran oğlu R.Əliyevə bir neçə bıçaq zərbəsi endirib. Hadisədən sonra S.İmran oğlu və dostları hadisə yerindən qaçıb. Yaralı vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına aparılan R.Əliyev dünyasını dəyişib. Hadisədən sonra dava edən şəxslər Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

S.İmran oğlu Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), V.Zeynalov və S.Qurbanlı 22.2.1-ci (anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), V.Babayev, E.Xasayev və E.Abbasov 22.2.1-ci (anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər) maddələri ilə ittiham olunublar.

2015-ci ilin dekabr ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə S.İmran oğlu 20 il və digər təqsirləndirilən şəxslər - V.Zeynalov, E.Abbasov, E.Xasayev, S.Qurbanlı və V.Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi