“Qəbələ” klubunun sabiq kapitanı: “Rasim Əliyev məndən üzr istəmişdi” - YENİLƏNİB

“Qəbələ” klubunun sabiq kapitanı: “Rasim Əliyev məndən üzr istəmişdi” - YENİLƏNİB Cavid Hüseynov məhkəməyə qolları qandallı gətirilib
Hadisə
26 Yanvar , 2016 12:15
“Qəbələ” klubunun sabiq kapitanı: “Rasim Əliyev məndən üzr istəmişdi” - YENİLƏNİB

Cavid Hüseynov məhkəməyə qolları qandallı gətirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesə "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov da gətirilib. Onun qolları qandallı olub. C.Hüseynov məhkəmədə ifadə verib.

O, R.Əliyevin "facebook"da yazdığı statusdan xəbərsiz olduğunu deyib: "Evdə oturmuşdum. Bibim oğlu Elşən İsmayılov mənə whatsap-da yazdı ki, Rasim Əliyev adlı şəxs sənin haqqında "facebook"da belə bir şey yazıb. Elşənə dedim ki, qoy yazsın, boş ver. Elşən isə bildirdi ki, "Rasimlə danışmışam, o mənə ana söyüşü söyüb, onunla görüşəcəm, bu mənim şəxsi işimdir". Bundan sonra Rasimə zəng vuraraq danışdım, özümü ona təqdim etdim. "Facebook"da belə bir status yazmasının səbəbini soruşdum. Dedi ki, yunanıstanlı jurnalist həmkarıma hörmətsizlik etmisən. Mən isə o hərəkətdə heç bir hörmətsizlik etmədiyimi, həmin işarə ilə Türkiyə ilə qardaş olduğumuzu göstərdiyimi bildirdim. Rasim məni başa düşdü. O, məndən üzr istədi. Dedim ki, üzr istəmək lazım deyil, o söhbət bağlandı. Elşənə də dedim ki, Rasim məndən üzr istəyib, məsələ bitsin. Sonradan Elşəngilin Rasimlə görüşməyə getməsini, aralarında nə baş verdiyini bilməmişəm. Hadisədən sonra Elşən mənə dedi ki, Rasimə bir təpik vurdum. Mən də Elşəni danladım".

Məhkəmənin növbəti prosesi fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu il dekabr ayının 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.

Son xəbərlər

Orphus sistemi