Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı açıqlanıb Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 9-na təyin edilib
Hadisə
3 Sentyabr , 2016 17:50
Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən Elnur Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 9-na təyin edilib.

İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2014-cü ilin noyabr ayının 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərov ilə birgə "PKK" terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Bu il mart ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə E.Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. N.Nəsibov barəsində isə məcburi müalicə tədbiri tətbiq edilməsi qərarı çıxarılıb.

Hökm oxunarkən E.Ələkbərov əlindəki kəsici alətlə özünü doğramaq istəyib. O, sol qolunu bir yerdən kəsib. Lakin Penitensiar Xidmətin əməkdaşları E.Ələkbərovun hərəkətinin qarşısını alıb.

Hökmdən narazı qalan E.Ələkbərovun vəkili Namiq Hacıyev apellyasiya şikayəti verib. O, şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Dövlət ittihamçısı isə digər təqsirləndirilən N.Nəsibov barəsində olan hökmdən apellyasiya protesti verib. Prokuror protestində həmin şəxsin barəsində olan məhkəmə hökmünün ləğv edilməsini və onun azadlıqdan məhrum edilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinə ekspertiza təyin edilib.

Bakı Apellyasiya Məhkəməsində, hakim İlqar Murquzovun sədriliyi ilə keçirilən iclasda isə E.Ələkbərovun vəkili N.Hacıyev cinayət işinin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət verib. Lakin vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib. Ali Məhkəmə isə E.Ələkbərovun kassasiya şikayətini təmin edib. 

Son xəbərlər

Orphus sistemi