Prokuror Bakıda yeznəsini öldürən şəxsə ağır cəza istəyib

Prokuror Bakıda yeznəsini öldürən şəxsə ağır cəza istəyib Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib
Hadisə
29 Sentyabr , 2016 13:04
Prokuror Bakıda yeznəsini öldürən şəxsə ağır cəza istəyib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməkdə təqsirləndirilən Ziya Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib və Z.Əzizovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qətlə yetirilən şəxsin anası Tərlan İsmayılova məhkəmədən Z.Əzizovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 20-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Tərtər rayon sakini Z.Əzizov verdiyi borcu almaq üçün qəsəbədə yerləşən yataqxanaya gəlib və orada bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovla aralarında münaqişə yaranıb. Daha sonra Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirərək, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əzizov tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi