​Pirşağıda həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub

​Pirşağıda həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub O, 3 il müddətə azadlıqdan məhrum edilib
Hadisə
4 Aprel , 2016 10:14
​Pirşağıda həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Tural Yusifovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Yusifov 3 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Pirşağı qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Yusibov həmyerlisi Əliabas Allahyarovu mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Polis əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində T.Yusifov saxlanılıb. O, ilkin ifadəsində həmyerlisinin ona söyüş söydüyü üçün bıçağa əl atdığını deyib.

T.Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi