Paytaxt sakininin 3,4 milyon dollarını dələduzluq yolu ilə ələ keçirən şəxslərin məhkəməsi davam etdirilib

Paytaxt sakininin 3,4 milyon dollarını dələduzluq yolu ilə ələ keçirən şəxslərin məhkəməsi davam etdirilib Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər
Hadisə
5 Avqust , 2016 13:16
Paytaxt sakininin 3,4 milyon dollarını dələduzluq yolu ilə ələ keçirən şəxslərin məhkəməsi davam etdirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Tofiq Zülfüqarovun vəkili 2 vəsatətlə çıxış edib.

O, təqsirləndirilən F.Tağıyevin həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilməsini və məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. Vəsatətlər təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.

Prosesin baxış iclası sentyabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev və T.Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi