Bakı. 12 yanvar. REPORT.AZ/ Cinayət işləri üzrə Daşkənd şəhər məhkəməsi Özbəkistan vətəndaşı Elyor Baratovu qadağan edilmiş dini-ekstremist ədəbiyyatı ölkədən çıxarmaq cəhdinə və ekstremist təşkilatların fəaliyyətində iştirak səbəbilə altı illik həbs cəzasına məhkum edib.
"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
E.Baratov Daşkənd hava limanında Bakıya uçuşdan əvvəl saxlanılıb. Gömrük yoxlanışı zamanı həbs edilən şəxsin noutbukunda və mobil telefonunda "Hizb ut-Təhrir" dini-ekstremist cərəyanının hazırladığı videomateriallar və təxminən 100-ə yaxın dini məzmunlu audiofayl aşkarlanıb.