Ötən ay 506 əcnəbi Azərbaycandan inzibati qaydada çıxarılıb

Ötən ay 506 əcnəbi Azərbaycandan inzibati qaydada çıxarılıb Eyni zamanda, 1 635 əcnəbinin Azərbaycanı 48 saat ərzində tərk etmələri barədə qərarlar qəbul edilib
Hadisə
11 Avqust , 2015 14:57
Ötən ay 506 əcnəbi Azərbaycandan inzibati qaydada çıxarılıb

Bakı. 11 avqust . REPORT.AZ/ Bu ilin iyul ayı ərzində 2 323 əcnəbinin Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozduğu müəyyən edilib. Dövlət Miqrasiya Xidmətindən "Report"a verilən xəbərə görə, onlardan 15-nin ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisilə əvəz olunub.

Bundan başqa, onlardan 167 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1 635 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 506 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9 762 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 86 639 əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı, işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 12 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.

Son xəbərlər

Orphus sistemi